BAKI, 12 iyun. TELEQRAF

“İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində rüşvətlə qələbə qazanmaq istəyənlərin hamısı həbs ediləcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Əgər düşünürsünüzsə ki, belə boş mövzularla diqqəti seçki rüşvətindən və xaricdən (Rusiyadan) istiqamətləndirilən səsvermədən yayındıra bilərsiniz, ciddi şəkildə yanılırsınız. Seçki rüşvəti verənlər və alanlar növbə ilə həbsxanaya gedəcəklər. Buna bir faizə belə şübhə etməyin. “Məxməri inqilab” artıq bitib”, - spiker vurğulayıb.

Xatırladaq ki, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku bu gün seçkilərin nəticələrinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə İrəvanda hakimiyyətə qarşı seçki saxtakarlığı ittihamı ilə mitinq çağırıb.