BAKI, 12 iyun. TELEQRAF
“Son səkkiz ildə ilk dəfə olaraq Ermənistanda müxalifət seçki saxtakarlığı ilə məşğul olmağa, seçki rüşvətləri paylamağa, digər ölkələrdən insanların səs vermək üçün Ermənistana daşınmasını təşkil etməyə, onları təhrik etməyə, qorxutmağa və bu kimi şeylərə cəhd göstərib”.
Teleqraf xəbər verir ki, bunu İrəvan meri Tiqran Avinyan jurnalistlərlə söhbətində deyib.
“Açıq şəkildə bildirirəm: müxalifət bununla qırmızı xətti keçdi və bunun onlar üçün çox ağır nəticələri olacaq. Bu ölkədə seçki rüşvəti paylayanların kökü kəsiləcək, hələ də onları nə gözlədiyini bilmirlər. Onları qanunla mümkün olan ən ağır cəza gözləyir, indidən buna yaxşı-yaxşı hazırlaşsınlar”, - mer qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.