BAKI, 10 iyun. TELEQRAF
Bəzi seçki məntəqələrində səslərin Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən yenidən sayılması nəticəsində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının səsləri artıb.
Teleqraf xəbər verir ki, bu barədə parlamentdəki hakim fraksiyanın üzvü Vaaqn Aleksanyan məlumat verib.
“Üçbaşlı müharibə koalisiyası”nın başlatdığı yenidən hesablamalar və düzəlişlər nəticəsində “Vətəndaş Müqaviləsi”nin səsləri 49,8 faizdən 49,9 faizə yüksəlib. Bu, hələ son deyil. Bütün bunların nəticəsində “Vətəndaş Müqaviləsi”nin səsləri və faizlərində böyük artım olacaq”, - o bildirib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.