BAKI, 9 iyun. TELEQRAF
“Seçkilərdə seçiciyə rüşvət verən və ya rüşvət alan hər bir şəxs növbəti seçkilərin sonuna qədər həbsxanada qalmalıdır. Əgər bunun üçün qanunvericilik və ya institutsional dəyişikliklər tələb olunursa, bunlar elə indi, təxirə salınmadan həyata keçirilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, bu, ölkənin təhlükəsizliyi və demokratiya məsələsidir.
“Sonradan “peşmançılıq səhnələri” yaratmağa ehtiyac yoxdur”, - Baş nazir əlavə edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.