BAKI, 5 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasından sonra Aram Sərkisyanın rəhbərlik etdiyi “Respublika” Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edərək, rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” blokunun seçki siyahısının qeydiyyatının etibarsız hesab edilməsini tələb etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, partiyanın nümayəndəsi Ani Xaçaturyan belə bir ərizənin təqdim ediləcəyini təsdiqləyib.
Hazırda lazımi sənədlər hazırlanır.
Ermənistan Mərkəzi Seçki Komissiyası isə bəyan edib ki, bu günə qədər quruma bu məzmunlu müraciət daxil olmayıb.
Xatırladaq ki, dünən Nikol Paşinyan müxalifət qüvvələrini “Güclü Ermənistan” blokunun və digər siyasi qüvvələrin qeydiyyatı məsələsini müzakirə etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etməyə çağırıb.
“Mən qərar vermişəm ki, biz bu məsələ ilə bağlı müraciət etməyəcəyik. Amma siz Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərsiniz. Çünki biz müraciət etsək, deyəcəklər ki, seçkilərdə məğlub olmaqdan qorxdular, rəqiblərini kənarlaşdırmağa çalışırlar. Siz niyə müraciət etmirsiniz? Bu, Mərkəzi Seçki Komissiyasının səlahiyyətinə daxildir, seçki prosesinin iştirakçılarının belə bir hüququ var.
Mən çağırış edirəm ki, bu məsələ müzakirə olunsun deyə elə sabah müraciət edəsiniz. Biz bunu etməyəcəyik, çünki sonra deyəcəklər ki, hakimiyyət rəqiblərini seçki mübarizəsindən uzaqlaşdırmağa çalışır. Biz onları siyasi meydanda xalqın səsi ilə məğlub edəcəyik”, - Ermənistan Baş naziri vurğulayıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.