BAKI, 12 may. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İrəvanda seçiciləri ilə görüşündə iştirak edən xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə bağlı Baş nazir Nikol Paşinyana söylədiyi sözlər müzakirə mövzusuna çevrilib.
Teleqraf xəbər verir ki, bu, xarici işlər nazirinin baş nazirin qulağına pıçıltı ilə söyləyərkən kənardan eşidilib.
Eşidilən hissədə belə deyilib: “Türklər bu gün açırlar... kodları... bir dənə “xoş gəlmisiniz “ mətni hazırlayaq”.
Paşinyan bundan sonra köynəyinə bərkidilmiş mikrofonu göstərib, Mirzoyan gülümsəyərək söhbəti dayandırıb.
Ermənistan Baş naziri jurnalistlərlə söhbətində xarici işlər nazirinin ona nə demək istədiyini və Türkiyə ilə bağlı hansı yeniliyin olduğunu izah edib.
Paşinyanın sözlərinə görə, söhbət ixrac olunan məhsulların üzərində edilən qeydiyyat və işarələmələrlə bağlıdır:
“Bir məhsul hansısa yerə ixrac olunanda, onun üzərində göndərilən ölkə göstərilməlidir. Onların qaydalarına görə əvvəllər Ermənistan həmin ölkələr siyahısında yox idi, məhsul üçüncü ölkə kimi rəsmiləşdirilirdi, sonra isə üçüncü ölkədən Ermənistana yenidən ixrac olunurdu. Bilirsiniz ki, Ermənistanda müxtəlif Türkiyə istehsalı məhsullar var. Yəni məhsulları başqa ölkəyə aparır, orada rəsmiləşdirib sonra Ermənistana gətirirdilər. İndi isə qaydaları elə dəyişirlər ki, Ermənistan birbaşa göndərilən ölkə kimi göstərilə bilsin”.