BAKI, 17 aprel. TELEQRAF
Ermənistan hökuməti Konstitusiyada ciddi dəyişikliklərə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın mətninin iyunun 7-də keçiriləcək seçkilərə qədər dərc olunacağını bəyan etsə də, hakim partiyadakı mənbələrimiz bunun seçkilərdən əvvəl olacağını düşünmürlər. Məsələ təkcə Baş nazir Nikol Paşinyanın açıq şəkildə bəyan etdiyi kimi Müstəqillik Bəyannaməsindən imtina etmək deyil, həm də bir sıra inanılmaz dəyişikliklər və redaktələrlə əlaqəlidir.
Məlumata görə, Paşinyan Konstitusiyanı öz çərçivəsində uyğun hazırlayır. Dünən o, bəzi məqamları parlamentin tribunasında açıqlayıb, dediyinə görə, məsələni cərrahi yolla həll etmək lazımdır, Ermənistanda xalqdan qaynaqlanan sistem olmalıdır, bunun üçün yeni konstitusiya zəruridir. Bu bəyanat göstərir ki, yeni Konstitusiyada elə müddəalar olacaq ki, hər şey bir nəfərin əlində cəmlənəcək”, - nəşr yazıb.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.