BAKI, 23 mart. TELEQRAF

Ermənistan və ABŞ “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün hüquqi mexanizmləri nəzərdə tutan hökumətlərarası saziş hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

“Ermənistan və ABŞ arasında TRIPP-lə bağlı danışıqlar səngiməyib və problemsiz davam edir. Birinci addım avqust ayında elan edilib, ikinci addım isə yanvarın 24-də hərtərəfli razılaşdırılıb, dərc edilib və həyata keçirilir. Növbəti addım hüquqi mexanizmləri təmin edəcək hökumətlərarası sazişin bağlanması olmalıdır. Hazırda sənəd üzərində iş davam edir”, - o deyib.

İranın mövqeyinə gəlincə, Mirzoyan qeyd edib ki, Tehran bir neçə dəfə açıq şəkildə Ermənistan tərəfinin onlara məlumat verdiyini və heç bir narahatlığının olmadığını bəyan edib:

“Söhbət Ermənistan, Azərbaycan və İran da daxil olmaqla, bütün qonşularımız üçün iqtisadi imkanlar yaradacaq nəqliyyat layihəsindən gedir”.