BAKI, 23 mart. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Türkiyə arasında ümidverici dialoqun olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

“Türkiyə ilə dinamik, ümidverici dialoqumuz var, müəyyən işlər yerindəcə görülür, - nazir vurğulayıb.

Mirzoyan buna misal olaraq Gümrü-Qars dəmir yolunun işə salınması üçün artıq iki görüş keçirmiş birgə işçi qrupunun formalaşdırıldığını qeyd edib: “Onlar infrastrukturu yerində araşdırıblar”.

Ermənistan xarici işlər naziri mədəniyyət sahəsində əməkdaşlıq imkanlarının, xüsusən də sərhəddə tarixi körpünün bərpası və hər iki ölkənin universitetlərində tələbələr üçün təqaüdlərin təsis edilməsi məsələsinin müzakirə olunduğunu da açıqlayıb.

Ararat Mirzoyan hesab edir ki, Türkiyə ilə dialoq artıq iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması üçün kifayət qədər yetkin mərhələyə çatıb.

“Ermənistan-Türkiyə dialoqu paralel gedən proseslərlə birlikdə tam nəticəyə - diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılmasına gətirib çıxarmalıdır”.

O əlavə edib ki, bu mövzuda ziddiyyət yoxdur və Ermənistan bu fikri Türkiyədəki tərəfdaşlarına da çatdırır.