BAKI, 19 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddiasının yer aldığı ölkəsinin Müstəqillik Bəyannaməsini tənqid edib.

Teleqraf xəbər verir ki, o, hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında Ermənistanın yeni Konstitusiyasının mətnindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ehtimalına münasibət bildirib.

Baş nazir bəyannamədə Ermənistanın qonşularına qarşı təhdidlərin olduğunu və bu şərtlər altında ölkənin yalnız xarici dəstəklə mövcud ola biləcəyini vurğulayıb: “Xarici yardımı da kimdən gözləyirsənsə, getdikcə ondan daha çox asılı olursan. Nəticə etibarilə, Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir”.

Həmçinin, o, Konstitusiyaya düzəliş edilməsi və bəyannaməyə istinadın oradan çıxarılmasının “daxili məsələ” olduğunu deyib. Baş nazir iddia edir ki, məsələ xarici ölkələrlə müzakirə olunmur: “Bu addım Ermənistanın dünyada düzgün mövqelənməsi üçün vacibdir”.

Hökumət başçısı əlavə edib ki, yaxın zamanda bu fikrini mətnin təhlili ilə də əsaslandırmağı planlaşdırır.

Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.

Ermənistan Baş naziri hesab edir ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olunmamalıdır.