BAKI, 22 fevral. TELEQRAF

Avropa İttifaqının (Aİ) nümayəndələri Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun martın 19-20-nə planlaşdırılan səfəri və ilk Aİ-Ermənistan sammiti ərəfəsində yeni Ermənistan-Aİ strateji gündəliyinin hazırlanmasındakı irəliləyişi qiymətləndirmək məqsədilə Ermənistanda işgüzar səfərdə olublar.

Teleqraf xəbər verir ki, bu barədə "The Brussels Times" nəşri məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı Ermənistana 202,5 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı öhdəliyini bir daha təsdiqləyib.

Avropa Komissiyasının çərşənbə günü yaydığı bəyanata əsasən, danışıqlar əsasən nəqliyyat, energetika və rəqəmsal sahələrdə regional qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlib. Müzakirələr zamanı Aİ-nin regionlararası əlaqələrin inkişafı proqramı ilə paralel olaraq, Ermənistanın "Sülh kəsişməsi" təşəbbüsünə də dəstək ifadə olunub.

Səfər çərçivəsində Ermənistanla birgə müəyyən edilmiş prioritet proqramlara Aİ-nin dəstək variantları qeyd edilib, ticarət və mobillik kimi mühüm sahələr ətrafında fikir mübadiləsi aparılıb.