BAKI, 18 fevral. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupman ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər regional iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş proqramlar və bu istiqamətdə Ermənistan-Avropa İttifaqı əməkdaşlığını müzakirə ediblər.

Ararat Mirzoyan və Gert Yan Kupman Ermənistanla Aİ arasında qarşıdan gələn yüksək səviyyəli tədbir və səfərlərin gündəliyi, eləcə də tərəfdaşlığın inkişafına yönəlmiş yeni konkret nəticələrin təmin edilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki dinamika və imkanlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.