BAKI, 16 fevral. TELEQRAF

“Rusiya və digər dörd ölkə Gürcüstan hökumətinin ölkə ərazisinin 20 faizində yurisdiksiyasını tanımır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir bildirib ki, seçkilərin saxtalaşdırılması ilə bağlı heç bir sübut təqdim edilmirsə və Konstitusiya quruluşuna qarşı hücum davam edirsə, buna qanunvericiliklə cavab verilməlidir:

“Seçkilərin legitimliyi məsələsi gündəmə gələndə, xatırlayın, 2020, 2024 və ondan əvvəl 2016-cı illərdə necə proseslər getmişdi. Məsələn, 2020-ci ildə elan elədilər ki, seçkilər saxtalaşdırılıb, sonra isə bütün müxalifət “Mişel razılaşması”na qol çəkdi. Halbuki seçkilər saxtalaşdırılmamışdı və parlament də saxta deyildi. Eyni hal 2024-cü ildə də baş verdi: heç bir sübut yox idi.

Rusiya və digər dörd dövlət ölkə ərazisinin 20 faizində Gürcüstan hökumətinin yurisdiksiyasını tanımır. Gürcüstanda elə ekstremist qüvvələr var ki, ölkə ərazisinin 100 faizində hökumətin yurisdiksiyasını qəbul etmirlər. Biz həm birinə, həm də digərinə qarşı mübarizə aparırıq”.

Xatırladaq ki, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrində yaradılmış qondarma respublikaları Rusiya ilə yanaşı, Nikaraqua, Vanuatu, Venesuela və Suriya tanıyıb.