BAKI, 10 fevral. TELEQRAF

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq ilə görüşüb.

Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə "Enterprise Armenia"nın baş icraçı direktoru Qohar Abacyan da iştirak edib.

Görüşdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və yüksək texnologiyalar sahəsində birgə layihələrin icrası diqqət mərkəzində olub.

Tərəflər cari ilin avqustun 8-də Vaşinqtonda süni intellekt və yarımkeçiricilər sahəsində imzalanmış memorandumların əhəmiyyətini vurğulayaraq, bu sənədlərin ikitərəfli əlaqələrdə yeni mərhələ açdığını bildiriblər. Görüş zamanı yüksək texnologiyalar sektorunda investisiyaların təşviqi və qarşılıqlı iqtisadi fəallığın artırılması barədə razılıq əldə olunub.

Söhbət zamanı təkcə texnologiya deyil, həm də strateji əhəmiyyətli sahələr üzrə perspektivlər nəzərdən keçirilib. Ararat Mirzoyan və Ceykob Helberq energetika, kritik faydalı qazıntıların və nadir mineralların hasilatı, habelə tədarük zəncirlərinin təhlükəsizliyinin təmini məsələlərinə toxunublar. Bundan əlavə, regionda infrastrukturun inkişafı və strateji əməkdaşlığın gələcək prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.