BAKI, 22 yanvar. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın səssizcə İrana zərbə endirməyə hazırlaşması mümkündür”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Aleksandrov Ermənistan KİV-ə deyib.

“Amerikanın təyyarədaşıyan gəmisi hələ də Yaxın Şərqdədir, hava qüvvələri Ərəbistan dənizinə doğru hərəkət edir, İordaniyadakı hərbi qüvvələr artırılır. Dieqo Qarsiyadakı ABŞ hərbi bazasında bombardmançı təyyarələr var. F-35 və F-15-lərin də yerləşdirilməsi mümkündür”, - ekspert bildirib.

Aleksandrov ABŞ-nin Qrenlandiyadan əvvəl İranı hədəfə alacağını proqnozlaşdırır.

Politoloq hesab edir ki, İrana hərbi müdaxilə qaçılmazdır:

“Zənnimcə, amerikalılar və avropalılar İranı tamamilə parçalamağı planlaşdırırlar ki, daha heç bir təhlükə qalmasın. Buna görə də Qərblə razılığa gəlmək mümkün deyil, onu yalnız cilovlamaq olar.

ABŞ-nin İrana zərbəsindən sonra regionda baş verə biləcək nəticələri proqnozlaşdırmaq üçün Suriya və onunla qonşu ölkələri xatırlamaq kifayətdir. Təxminən eyni ssenari olacaq, amma xeyli daha ağır formada, çünki Suriya həm ərazi, həm də əhali baxımından İrandan kiçikdir. İranın müəyyən hissələri qopacaq, vətəndaş müharibəsi başlayacaq, qaçqın dalğaları yaranacaq. İran üzərindən tranzit çökəcək”.

Ekspert əlavə edib ki, baş verənlər fonunda Ermənistan tam mühasirədə qalacaq:

“Ermənistan rəhbərliyi açıq şəkildə Qərbə yönəlmiş kurs götürüb, ümid edir ki, amerikalılar sonda onları nədənsə xilas edəcəklər. Amma ABŞ-nin öz müttəfiqləri ilə necə davrandığını və davranmaqda davam etdiyini nəzərə almaq lazımdır, elə Qrenlandiya buna nümunədir. Bu halda Ermənistanı müdafiə edəcəklərinə hansı zəmanət var? İstisna deyil ki, nəticədə Ermənistan öz taleyi ilə tək buraxılacaq və bu halda onun perspektivləri son dərəcə qeyri-müəyyəndir”.