BAKI, 21 yanvar. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə aparılan danışıqlardan danışıb.
Teleqraf xəbər verir ki, Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib ki, siyasi gündəliyin bir hissəsi kimi iki ayrı normallaşma prosesi paralel şəkildə davam etdirilir.
Nazirin sözlərinə görə, hər iki istiqamətdə nəzərəçarpan irəliləyişlər əldə olunub:
"Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan xəttində növbəti addımlar və hədəflər aydın şəkildə müəyyənləşdirilib. Rəsmi olaraq bu proseslər bir-birindən asılı hesab olunmur. Bununla belə, obyektiv baxışla yanaşdıqda, iki proses arasında əlaqəni görməmək çətindir".
Ararat Mirzoyan həmçinin Türkiyə ilə Azərbaycan arasında mövcud sıx münasibətlərin hər kəsə məlum olduğunu və tərəflərin Ermənistanla normallaşma proseslərini paralel şəkildə həyata keçirməyi nəzərdə tutduqlarını diqqətə çatdırıb.