BAKI, 6 yanvar. TELEQRAF
“Ermənistan yanacağın 80 faizini qonşularından alsa, ildə 80-100 milyon dollar qənaət edə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Xaçatur Sukiasyan ölkəsinin Azərbaycandan benzin alması barədə danışarkən deyib.
Hakim komandanın üzvü Azərbaycandan neft tədarükünün Ermənistanın müstəqil seçimi olduğunu, buna məcbur edilmədiyini bildirib.
“Ermənistan son 30 il ərzində həmişə neft məhsullarını müxtəlif ölkələrdən idxal edib. Onilliklər boyu Ermənistan üçün nəqliyyat yolları bağlı olub və ölkə nəqliyyat xərclərinə böyük vəsait ödəyib. Sadə hesablamaya görə, əgər Ermənistan istifadə etdiyi yanacağın 80 faizini qonşu ölkələrdən alsa, illik hesabla 80-100 milyon dollar qənaət edə bilər. Əgər Ermənistan qonşulardan almırsa, həmin qonşular dünyadakı müxtəlif ölkələrə 10 min dəfə çox satırlar və bu vəsaiti həmişə əldə edirlər. Halbuki Ermənistan 80-100 milyon dollar qənaət edə və bu pulu digər sahələrin inkişafına yönəldə bilər”, - Sukiasyan qeyd edib.