BAKI, 30 dekabr. TELEQRAF
Gürcüstan Daxili İşlər Nazirliyinin ( DİN) Miqrasiya Departamentinin əməkdaşları müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində 63 xarici ölkə vətəndaşını Gürcüstan ərazisindən deportasiya ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları da daxil olmaqla, ümumilikdə 63 nəfər ölkədən çıxarılıb.
Nazirliyin məlumatına görə, cari ilin əvvəlindən indiyədək ölkədən deportasiya edilən şəxslərin ümumi sayı 1302 nəfər təşkil edib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub.