BAKI, 17 dekabr. TELEQRAF

“Azərbaycan və Ermənistan avqustunun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi ilə bir-birinin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyini tanıyıb. Bundan əlavə, sazişdə tərəflərin gələcəkdə bir-birinə qarşı heç bir ərazi iddiası olmadığı və irəli sürməyəcəyi də açıq şəkildə bildirilib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Qriqor Akopyan “Təsnim” agentliyinə müsahibəsində deyib.

“Bundan əlavə, İrəvan və Bakı ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birgə ərizə təqdim edib ki, bu da rəsmi olaraq münaqişənin sona çatmasının ən yüksək səviyyədə təsdiqi oldu”, - səfir bildirib.

Akopyan Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının delimitasiya və demarkasiya prosesinə dair əsasnaməsinin qəbul olunduğunu da diqqətə çatdırıb: “Bundan başqa, Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci görüşün nəticəsi olaraq növbəti görüşün Ermənistanda keçirilməsi barədə razılıq əldə edilib”.

Səfir Vaşinqtonda üçtərəfli razılaşmaların əsas istiqamətlərindən birinin nəqliyyat yollarının olduğunu vurğulayıb:

“Bu gün artıq deyə bilərik ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda görüşü və nəticədə sülh müqaviləsinin paraflanması sülh gündəliyində ciddi müsbət dəyişiklik yaradıb, təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldıb və regionumuzda faktiki sülh mühiti yaradıb”.