BAKI, 16 dekabr. TELEQRAF

“Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İranın dövlət televiziyasına müsahibəsində Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün “Xəzər beşliyi”ni parçalamaq niyyətində olmaqda günahlandırıb:

“Lavrovun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin birmənalı davamıdır: “Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, “Xəzər beşliyi”ni parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır”.

Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə lavrovkimilər vasitəsilə bunun tərsini sübut edirlər. Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb, Xəzəryanı zərbaycan, Qazaxıstan və Türkmənistanı qorxutmaq məqsədi daşıyır.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı, ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu, həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 5+1 formatında əməkdaşlıq edir. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu, Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır”.

Elxan Şahinoğlunun fikrincə, burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun:

“Məsələ budur ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib.

Sergey Lavrovun vurğuladığı “Xəzər beşliyi” bu hövzədə yerləşən ölkələrin müxtəlif mövzular üzrə əməkdalığını ehtiva edir. Bu, siyasi-hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı “Xəzər beşliyi”nin birliyinə zərər vuran varsa, bu, elə ilk növbədə Rusiyadır”.

Politoloq xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizində ekoloji vəziyyətin ağırlaşması barədə dəfələrlə açıqlama verib:

“Xəzərdə suyun səviyyəsi ilbəil aşağı düşür. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə suyun səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən, Lavrovun “Qərb Xəzər beşliyini parçalamağa çalışır” açıqlaması ikrah doğurur”.