BAKI, 6 dekabr. TELEQRAF
“Əgər bir-iki il əvvəl biz bir-birinə zidd narrativləri müzakirə edirdiksə, indi çoxlu ümumi cəhətləri olan narrativlərimiz var”.
Teleqraf xəbər verir ki, bunu Dohada Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə keçirilən panel müzakirəsi zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
İrəvan və Bakı arasında bəzi mövqelər fərqlənsə də, Qriqoryan əmindir ki, tərəflər gələcəyi daha yaxşı olması naminə əməkdaşlığı gücləndirəcəklər.
“Hər iki tərəf üçün siyasi iradə vacibdir, beynəlxalq ictimaiyyət də sülhün qurulmasına dəstək göstərə bilər”, - Qriqoryan qeyd edib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, sülh sazişinin paraflanması Cənubi Qafqazda ab-havanı dəyişib:
“İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsi və onun necə institutsionallaşdırılmasını müzakirə edirik”.
Armen Qriqoryanın sözlərinə görə, sülh sazişinin gələcəkdə ratifikasiyası və regionda kommunikasiyaların açılması avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların institutsionallaşdırılması prosesinin tərkib hissəsidir.