BAKI, 3 dekabr. TELEQRAF
“Ermənistan Baş nazir Nikol Paşinyan artıq bəyan edib ki, 2019-cu il sənədi 2016-cı ilə aid sənədlərin xülasəsi olub, yeni təklif deyildi”.
Teleqraf xəbər verir ki, bu barədə keçmiş Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara dair yayımlanan sənədlər barədə danışan Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.
Vitse-spikerin sözlərinə görə, Ermənistan buna rəsmi cavab verməyib: “2019-cu il sənədi 2018-ci ilə aid sənədlərin xülasəsi, həmin dövrdə mövcud olan vəziyyətin ümumiləşdirilmiş variantı idi, biz o zaman bu sənədi qiymətləndirməyə çalışmışdıq”.
Rubinyan Ermənistan müxalifətinin 2019-cu ildə yeni təklif olduğu, Nikol Paşinyanın bundan imtina etməsi barədə iddiasınə təkzib edib: “2019-cu ilin sənədi yeni təklif deyildi, 2018-ci ilə qədər Serj Sərkisyanın qoyduğu mirasın xülasəsi idi. Ermənistan tərəfi həmin sənədi rədd etməyib”.
Serj Sərkisyanın Qarabağla əlaqədar Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktuba gəlincə, vitse-spiker qeyd edib ki, əvvəlcə həmin məktubun nədən bəhs etdiyini anlamaq lazımdır: “Serj Sərkisyan o məktubu 2016-cı ilin avqustunda yazıb. Çox güman ki, bu məktubla 2016-cı ilin variantına cavab verib. Serj Sərkisyan orada nə deyirdi? Bildirirdi ki, bu, yaxşı variant deyil, Ermənistan qoşunlarının çıxarılmalı olduğu rayonların demilitarizasiya olunması zəruridir”.
R.Rubinyan əlavə edib ki, S.Sərkisyan öz iddialarını elə V.Putinə göndərdiyi məktubunda təkzib edib.
Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb. Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.
Azərbaycan bütün münaqişə boyu davam edən danışıqlar prosesində ölkəmizin ərazi bütövlüyü və suverenliyi əleyhinə yönəlmiş heç bir təkliflə razılaşmayıb. Eləcə də sözügedən təkliflər paketi ilə... Bütün bu təkliflər Bakıda status adı altında Azərbaycan ərazisində gələcəkdə partladılmaq üçün hazırlanmış mina kimi qiymətləndirilib, haqlı olaraq heç vaxt da qəbul görməyib. Prinsipial və dəyişməz mövqe sonda haqqımız olanı geri almağa zəmin yaratdı. Artıq münaqişə keçmişdə qalıb, Azərbaycan bütün ərazilərində bütövlük və suverenliyini bərpa edib. Münaqişənin həlsiz qalmasının əsas təşəbbüskalarından olan ATƏT-in Minsk qrupu ləğv edilib, işğalçı Ermənistan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edilib.