BAKI, 1 may. TELEQRAF
“Rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan vətəndaşlarının səslərini rüşvətlə almaq istəyir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.
“Kaluqalı oliqarxın seçkilərlə əlaqədar rüşvət paylaması sistemli xarakter daşıyır. O, Serj Sərkisyan dövrünün dejavüsüdür. Bu, Sərkisyanın Partiyasındakı məhəllə xuliqanlarının ritorikasıdır, o vaxt seçki saxtakarlıqları ilə məşğul olanlar indi də kaluqalı oliqarxa xidmət edirlər. Kaluqalı oliqarxın komandasının yuxarı təbəqəsi bu kütləni rüşvət paylamaq üçün “tullantı” kimi istifadə edir. Şalvar və sviter verməklə, qaz pullarını ödəməklə insanları alçaldırlar, onlara mal kimi yanaşırlar”, - o bildirib.
Çaxoyan Rusiyada yaşayan ermənilərin rüşvətlə Karapetyanın “Güclü Ermənistan” blokuna səs vermək üçün Ermənistana göndərilməsi cəhdlərinə də toxunub:
“Rusiyada yaşayan seçki fırıldaqçıları Ermənistan Respublikasına gələn gün onları “Zvartnots” hava limanında hüquq-mühafizə orqanlarımız qarşılayacaq”.
Karapetyanın ermənilərin Qarabağla bağlı təxribatçı açıqlamasına gəlincə, administrasiya rəsmisi qeyd edib: “Kaluqalı oliqarx Qarabağı öz fərari oğlunun hesabına “qaytarmaq” istəyir?”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.