BAKI, 30 aprel. TELEQRAF
“Ermənistanda gözlənilən seçkilərdə xarici aktorların bu və ya digər siyasi qüvvəyə birbaşa dəstəyi demokratik prinsipləri pozmur”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Hrayr Manukyan deyib.
Ekspertin sözlərinə görə, Avropa İttifaqı Rusiyanın iyunun 7-də keçiriləcək parlament seçkilərinə müdaxiləsinin qarşısını almaq üçün hərəkətə keçib:
“Radikal müxalifət Avropa İttifaqı rəsmilərinin Ermənistana səfərlərindən narahatdır. Çünki yaxşı bilirlər ki, onların Nikol Paşinyana münasibəti müsbətdir və Ermənistanın Baş nazirini müsbət mənada təqdim edəcəklər. Amma Avropa rəsmiləri ehtiyatlıdırlar, açıq şəkildə dəstək bəyanatları verməyəcəklər”.
Manukyan hesab edir ki, Robert Köçəryan, Samvel Karapetyan və ya Qaqik Sarukyan hakimiyyətə gəlsə, sülhü pozacaq və Ermənistanı Azərbaycanla yeni müharibəyə aparacaqlar:
“Bu simalar tamamilə Rusiyanın pozğun siyasi-ictimai ənənəsinin məhsuludurlar, mafiozdurlar, idarəetmə qaydaları qeyri-qanuni, kriminal vasitələrə əsaslanır. Rusiya da Ermənistanda sabitliyi pozmaq üçün aqressiv qrupları maliyyələşdirəcək. Hazır olmalıyıq, Ermənistana bu məqsədlə böyük həcmdə qeyri-qanuni pullar daxil olur”.
Politoloq əlavə edib ki, Ermənistan vətəndaşları seçkilərdə sülh və müharibə arasında seçim edəcək”.