BAKI, 3 dekabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər dünən Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni strateji gündəliyinin imzalanmasından danışaraq, onun nəzərdə tutduğu bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal işləməyə hazır olduqlarını bildiriblər.
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələrə, eləcə də mövcud alətlərdən istifadə etməklə onların əhatə dairəsinin genişləndirilməsi imkanlarına istinad olunub.
Ararat Mirzoyan və Marta Kos əlaqələrin inkişafı, infrastrukturun inkişafına sərmayə qoyuluşu və bununla da iqtisadi əməkdaşlığın təşviqi istiqamətində görülən işləri ətraflı müzakirə ediblər. Ermənistanın dayanıqlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərə də diqqət çəkilib.
Görüş zamanı beynəlxalq hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.