BAKI, 27 noyabr. TELEQRAF
“Ümid edirəm ki, Ermənistan KTMT-yə üzvlük məsələsində ölçülü qərar verəcək və iştirakçı ölkələrlə birlikdə irəliləməyə davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov təşkilatın Bişkekdə keçirilən toplantısında deyib.
“Ermənistan təşkilatda iştirakını dondurub. Biz onu katiblik səviyyəsində müzakirə edilən və qəbul olunan bütün materiallar və sənədlər barədə məlumatlandırırıq. Müzakirələrdə iştirak etmirlər, amma bu sənədlərin məhdud formatda qəbul edilməsinə mane olmurlar. Məsələn, bu gün KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, bütün bu sənədlər Ermənistana göndərilib, məlumatlandırılıblar, onlardan aldığımız sənəddə bildirilib ki, həmin sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər.
Ümid edək ki, müəyyən vaxt keçdikdən sonra Ermənistanın siyasi rəhbərliyi ölçülü qərar qəbul edəcək və birlikdə irəliləməyə davam edəcəyik”, - Tasmaqambetov vurğulayıb.
Ermənistan 2023-cü ilin fevralından KTMT-nin öz öhdəliklərini pozması iddiası ilə əlaqədar təşkilatın iclaslarına qatılmır. İrəvan Bişkek toplantısında da iştirak etməyib. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakən Səfəryan bundan öncə bəyan edib ki, İrəvan hazırkı mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma məsələsini nəzərdən keçirmir. Amma Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin faktiki olaraq təşkilatdan çıxdığını bildirib. Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-də qalıb-qalmayacağına qərar verəcəyini açıqlayıb.