BAKI, 18 noyabr. TELEQRAF

Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin əməkdaşları miqrasiya qanunlarını pozaraq ölkədə yaşayan 47 əcnəbini deportasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Banqladeş, Misir, Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba, Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşları Gürcüstandan deportasiya ediliblər. Onların ölkəyə girişi qadağan olunub.

Noyabrın əvvəlində Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrda ölkədən 121 qeyri-qanuni miqrantın deportasiya edildiyini açıqlamışdı.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə miqrasiya qanunvericiliyinə edilən düzəlişlər oktyabrın 1-dən qüvvəyə minib. Dəyişikliklərə əsasən, Gürcüstanda qalan əcnəbilər 1000-3000 lari (370-1100 dollar) məbləğində cərimələnəcək. Cərimə onların ölkədə qanunsuz qalma müddətindən asılı olacaq. Cərimə ilə yanaşı, qeyri-qanuni miqrantın Gürcüstana girişinə qadağa qoyulacaq.