BAKI, 12 noyabr. TELEQRAF

Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə hökuməti və həlak olanların ailələrinə başsağlığı verib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Baş verən faciə məni sarsıtdı, Türkiyə xalqının kədərini bölüşür, öz və bütün nazirlik adından mərhumların ailələrinə, Türkiyə hökuməti və hər bir vətəndaşa başsağlığı verirəm. 20 nəfər həlak olub, bu, bütün Türkiyə üçün böyük itkidir, bu çətin günlərdə dost dövlətə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - Mariam Kvrivişvili bildirib.

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.