BAKI, 26 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan radikal müxalifətə qarşı sərt mübarizəyə başlamaq qərarı verib.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Qəzetin hökumətdəki mənbələri bildiriblər ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası çərçivəsində artıq xüsusi PR qrupu yaradılıb:
“Onun əsas missiyası təbliğat və müəyyən faktları açıqlamaq yolu ilə bütün rəqibləri sıradan çıxarmaqdır, bu məqsədlə media ilə iş əlaqələndiriləcək. Mənbələrin sözlərinə görə, strategiya müxalifəti “məhv etmək” ideyası ətrafında qurulub.
2026-cı il parlament seçkilərində iştirak edəcəklərini elan edəcək bütün siyasi qüvvələr hakim partiyanın hədəfinə çevriləcək.
Müxtəlif məlumatlara görə, hakimiyyət komandası opponentlərinin bütün fəaliyyət sahələrinə müdaxilə etməyə hazırlaşır, onların nüfuzuna xələl gətirməyə, siyasi mübarizənin qızışmasının qarşısını almağa çalışır.
Hakim partiyaya yaxın mənbələr onu da iddia edir ki, müxalifət meydanında artıq bir neçə komanda formalaşıb və onlar yaxın aylarda ictimai bəyanatlarla seçki meydanına daxil olmaq niyyətindədirlər. Hökumətin strategiyası çərçivəsində bu komandalar əsas təhlükə hesab olunur və hakimiyyət onların siyasi cəhətdən neytrallaşdırılması üçün istənilən addımı atmağa hazırdır”.
Nəşr əlavə edib ki, katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması təşəbbüsü də daxil olmaqla, paralel gedən proseslərlə yanaşı, yaxın gələcəkdə siyasi dairələrdə gərginliyin daha qızğın fazaya keçəcəyi istisna edilmir.