TBİLİSİ, 25 sentyabr. TELEQRAF
“Gürcüstan ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsünü alqışlayır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz bölgəsində dayanıqlı və uzunmüddətli sülhü hər zaman dəstəkləyib və onun bərqərar olması üçün fəal işləyib.
“Əsrlər boyu ölkəmiz sivilizasiyaların kəsişdiyi və müxtəlif mədəniyyətlər arasında dialoq üçün məkan olub. Bu gün Gürcüstan tarixi funksiyasını özünə qaytarır”, - M.Kavelaşvili söyləyib.
Dövlət başçısı qeyd edib ki, Gürcüstan sülhün önəmini dərindən dərk etdiyindən Cənubi Qafqaz regionunun transformasiyasına öz töhfəsini verir və onu münaqişələr regionundan sivilizasiyalar arasında dialoq və iqtisadi tərəqqi məkanına çevirməyə çalışır.