TBİLİSİ, 11 sentyabr. TELEQRAF

Gürcüstana qaçaqmalçılıq yolu ilə trotildən daha güclü partlayıcı maddə olan 2,4 kiloqram heksogeni keçirməyə cəhd edən iki nəfər Ukrayna vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən xüsusi brifinqdə bildirilib.

Həmin şəxslərdən biri idarə etdiyi Ukrayna dövlət nömrə nişanlı yük maşını ilə Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə Gürcüstana daxil olub. Saxlanılan digər Ukrayna vətəndaşı sürücünün Gürcüstanda əlaqə saxladığı şəxsdir.

Hazırkı mərhələdə istintaqla müəyyən edilib ki, naməlum şəxs partlayıсı maddənin gizlədildiyi çəlləkləri yük maşınının sürücüsünə Ukrayna ərazisində verib və izah edib ki, Gürcüstan sərhədini keçəndən sonra digər şəxs partlayıcı maddəni ondan təhvil alacaq.

Ukrayna vətəndaşlarından həmçinin 8 ədəd mobil telefon, külli miqdarda nağd pul, kompüter, elektron daşıyıcılar, müxtəlif ölkələrin SİM kartları və kokain müsadirə edilib.

Gürcüstanın son təyinat məntəqəsi olub-olmaması, ölkədə terror aktının hazırlanıb-hazırlanmadığı, Gürcüstandan tranzit ölkə kimi istifadə olunub-olunmamasını müəyyən etmək üçün istintaq tədbirləri davam etdiriləcək.