TBİLİSİ, 22 avqust. TELEQRAF
Gürcüstan-Rusiya sərhədindəki “Daryal” məntəqəsində olan 65 nəfər Ukrayna vətəndaşı vətənə qaytarılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
DİN və Ukraynanın Xarici İşlər Nazirliyi arasında aparılmış danışıqların nəticəsi olaraq ukraynalılar üçüncü ölkə vasitəsilə çarter reysi ilə vətənlərinə dönüblər.
Ukrayna vətəndaşlarının bir qismi Gürcüstanın dövlət sərhədində qalmaqdadır. Gürcüstan tərəfi onların da vətənlərinə təhlükəsiz və könüllü şəkildə geri qayıtmasının təmin olunması üçün Ukrayna tərəfi ilə intensiv danışıqları davam etdirir.
Qeyd edək ki, Rusiyadan deportasiya olunmuş ukraynalılar Gürcüstan-Rusiya sərhədindəki neytral zonada yerləşiblər. Ukrayna vətəndaşları olduqlarını iddia edən həmin şəxslər etibarsız sənədlərlə Gürcüstanın dövlət sərhədini keçmək üçün icazə istəmişdilər. Dövlət təhlükəsizliyi baxımından onlar Gürcüstana buraxılmayıblar.
Ötən aylarda 44 nəfər Ukrayna vətəndaşının geri qaytarılması həyata keçirilib. Beləliklə, vətənlərinə dönən ukraynalıların ümumi sayı 109 nəfərə çatıb. Ukrayna tərəfinin iddialarına əsasən, ölkə vətəndaşları “Daryal” sərhəd-keçid məntəqəsində humanitar böhran şəraitində olublar.