TBİLİSİ, 15 iyul. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Gürcüstanla bağlı hər hansı bir qərar qəbul edə bilməyiblər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Natali Luazo “X” hesabında yazıb.
Onun sözlərinə görə, XİN başçılarının fəaliyyətsizliyi Avropa Parlamenti deputatlarının təkrar tələbləri ilə ziddiyyət təşkil edir.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər.
Ali nümayəndə qeyd edib ki, “Gürcü Arzusu”nun demokratiyaya hücumları daha da şiddətlənir və Gürcüstanın demokratiyadan uzaqlaşmasının nəticələri olacaq.
***
10:23
TBİLİSİ, 15 iyul. TELEQRAF
Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi də müzakirə olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas toplantıdan öncə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda ciddi geriləmə müşahidə olunur.
“Gürcüstan hökümətini qərarlarını dəyişməyə məcbur edəcək vizasız gediş-gəlişin ləğvi də daxil olmaqla bütün variantlar nəzərdən keçirilir”, - K.Kallas deyib.
Qeyd edək ki, Aİ-nin XİN başçıları Gürcüstanla bağlı son müzakirələri iyunun 23-də aparıblar, lakin razılıq əldə edilmədiyindən konkret qərar qəbul olunmayıb.
Xatırladaq ki, Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-də qüvvəyə minib.