BAKI, 30 iyun. TELEQRAF

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab etməkdə davam edir, amma bu status təşkilat daxilində bütün öhdəliklərə əməl olunmasını nəzərdə tutur”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasının yekunları üzrə deyib.

“Ermənistanı hələ də bu təşkilatın tamhüquqlu üzvü hesab edirik, amma tamhüquqlu üzvlük iştirak və KTMT sənədlərindən irəli gələn bütün öhdəliklərə əməl etməyi nəzərdə tutur. Yeri gəlmişkən, rüsumların ödənilməsi də daxil olmaqla”, - nazir qeyd edib.

Lavrov əlavə edib ki, KTMT Xarici İşlər Nazirləri Şurasının iştirakçıları xarici işlər naziri Ararat Mirzoyanın bu tədbirə qatılmaqdan növbəti dəfə imtina etdiyini bildiriblər.

“Ermənistanın hakim dairələrinə heç bir təzyiq göstərmirik, bütün bu məsələlərlə bağlı aydınlaşdırma gözləyirik, amma hamımız başa düşürük ki, Ermənistan müttəfiqlərindən, ən yaxın tərəfdaşlarından, qonşularından üz döndərərsə, çətin ki, bu, erməni xalqına xeyir versin”, - nazir İrəvanın Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacağı ilə bağlı bəyanatlarını şərh edərkən vurğulayıb.