TBİLİSİ, 4 iyun. TELEQRAF
Tbilisidə Gürcüstan və Türkiyənin xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.
Tərəflər Gürcüstan və Türkiyə arasında güclü strateji tərəfdaşlıq və sıx ikitərəfli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Qarşılıqlı səfərlərin dinamikası vurğulanıb, yüksək səviyyəli Strateji Şuranın üçüncü sessiyasının keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Strateji əməkdaşlıq çərçivəsində ikitərəfli gündəlikdə dura cari məsələlər ətraflı müzakirə olunub. Regionda cərəyan edən proseslərə, Gürcüstan və Türkiyənin regionda sabitliyin və sülhün təmin edilməsində roluna xüsusi diqqət yetirilib. Türkiyə tərəfi bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkənin NATO-ya inteqrasiyasına güclü dəstəyini ifadə edib.
Görüşdə Gürcüstanın işğal altında olan ərazilərində mövcud vəziyyət ətraflı müzakirə olunub.
Tərəflər Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin də müzakirəsini aparıblar. İki ölkə arasında nəqliyyat, energetika və gömrük məsələləri üzrə fəal qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb. Diqqət regional əməkdaşlıq məsələlərinə, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatına, birgə layihələrin həyata keçirilməsi və iki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyinə, həmçinin Orta Dəhlizinin əhəmiyyətinə yönəldilib.
Gürcüstan və Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Tərəflər fəal əməkdaşlığa və strateji tərəfdaşlığın dərinləşməsinə hazırlıqlarını bir daha təsdiqləyiblər.