TBİLİSİ, 21 aprel. TELEQRAF
Bu gün Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir. Heç kəs Gürcüstan hakimiyyətinə diktə edib onu ölkənin maraqlarına zidd addımlar atmağa məcbur edə bilməz.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, məhz “Gürcü Arzusu”nun hakimiyyəti dövründə Gürcüstan avrointeqrasiya yolunda nəzərəçarpacaq uğurlar əldə edib.
“Avropa bürokratiyasının hələ də Gürcüstanı şantaj etməsinə və qeyri-demokratik qüvvələri hakimiyyətə qaytarmağa çalışmasına baxmayaraq, biz ictimaiyyətə söz veririk ki, siyasi komandamız bütün çağırışların öhdəsindən layiqincə gələcək və Gürcüstan 2030-cu ilə qədər elan olunmuş Avropa İttifaqının genişlənməsinə bütün namizəd ölkələrdən daha yaxşı hazırlıqlı olacaq”, - bəyanatda deyilir.
Sənəddə vurğulanıb ki, Gürcüstan hakimiyyəti ölkənin milli maraqlarına uyğun hərəkət edir və bu maraqların əleyhinə olaraq heç zaman güzəştə getməyəcək, bundan sonra da vətəni, kilsəni və milli maraqların müdafiəsini qətiyyətlə davam etdirəcək.
Qeyd edək ki, bu gün “Gürcü Arzusu” partiyasının təsis olunmasından 13 il ötür.