BAKI, 17 aprel. TELEQRAF

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İrəvanı Türkiyə ilə danışıqlar aparmaqda ittiham edən “Daşnaksütyun” Partiyasını (terror təşkilatı – red.) ikiüzlü adlandırıb.

Teleqraf xəbər verir ki, o, təşkilatın özünün 1918-20-ci illərdə Türkiyə ilə danışıqlar apardığını xatırladıb.

“Birini Türkiyə ilə danışıqlarda ittiham edərkən, özünüzə də baxın, ikiüzlü olmayın. Əgər özü də eyni şeyi edibsə, başqalarını ittiham etmək hüququndan məhrumdur”, - Rubinyan deyib.

Onun sözlərinə görə, növbəti hökumət Türkiyə ilə danışıqlar apararsa, indiki hökumət bu danışıqlara görə onu tənqid etmək hüququnu özündə saxlamayacaq: “İkiüzlülük siyasəti öldürür”.

Xatırladaq ki, Ruben Rubinyan həm də Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsidir. O, ötən həftəsonu Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Sərdar Kılıçla görüşmüşdü.