BAKI, 15 aprel. TELEQRAF

"Rusiya Ermənistanda xaos yaratmaq, onu siyasi cəhətdən iflic etmək istəyir".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

“Rusiya Ermənistana qarşı hibrid müharibəsini davam etdirir. Müharibənin iştirakçıları yenə erməni əsilli, Rusiyanın maraqlarına xidmət edən, Kremlə sadiq şəxslərdir.

Məsələn, Marqarita Simonyan belə bir fikir bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlər pisləşsə, Ermənistan artıq dövlət kimi mövcud olmaya bilər. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də bəyan edib ki, Ermənistan Avropa yolu ilə getsə, erməni xalqı üçün kifayət qədər ağrılı proseslər başlayacaq”, - siyasətçi qeyd edib.

Mehrabyanın fikrincə, Rusiyanın məqsədi ölkə daxilində qarışıqlıq yaratmaqdır:

“Rusiya Ermənistanı erməni əsilli şəxslər vasitəsilə təhdid edir. Simonyan və Qaluzin vasitəsilə Ermənistanı hədələyən Rusiya ölkədə xaos yaratmaq və onu siyasi cəhətdən iflic vəziyyətinə gətirmək məqsədi güdür”.