BAKI, 22 mart. TELEQRAF

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 2026-cı ilin ortalarından əvvəl imzalanmayacaq.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Beniyamin Poqosyan deyib.

Ekspert bildirib ki, sazişin imzalanması Ermənistan konstitusiyasının dəyişdirilməsinə bağlıdır, bu, Azərbaycanın əsas tələbidir.

“Sülh müqaviləsinin 2026-cı ilin ortalarından əvvəl imzalanacağını gözləmirəm. Konstitusiya layihəsi yalnız 2026-cı ilin yay-payız aylarında referendum üçün hazır olacaq. Ermənistan hakimiyyəti seçkilərdə sülh sazişinin razılaşdırılmış mətnini və yeni konstitusiya layihəsini seçicilərə təqdim edəcək.

Nikol Paşinyan hökuməti bunu sülh və müharibə arasında seçim kimi təqdim etməyə çalışacaq, yəni onlar seçilsə və sonra yeni konstitusiya qəbul olunsa, o zaman sülh şansı yaranacaq, amma başqa qüvvə qalib gəlsə, müharibə ehtimalı xeyli yüksək olacaq”, - Poqosyan qeyd edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri gələn il keçiriləcək.