BAKI, 21 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin açılması üçün bütün vasitələrə əl atır.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Türkiyə münasibətlərindəki son durumu belə şərh edib:

“Paşinyan çox çalışır ki, Türkiyə Ermənistan-Azərbaycan sülh sazişi imzalamadan ölkəsi ilə sərhədi açsın. Ankaranın mövqeyi qətidir: “İrəvan sərhədin açılmasını istəyirsə, ilk növbədə, Azərbaycanla sülh sazişi imzalamalıdır”.

Sülh sazişinin imzalanması ləngidiyindən Paşinyan Türkiyə ilə sərhədin açılması üçün başqa variantlar üzərində düşünür. Paşinyanın təlimatıyla bir neçə gün əvvəl Türkiyənin bir qrup jurnalisti İrəvana dəvət edilmişdi. Ermənistanın baş naziri onların suallarına cavabında Türkiyə ilə münasibətlərin normallaşmasını istədiyi fikrini dönə-dönə təkrarladı.

Bundan sonra Paşinyan Türkiyə istiqamətində ikinci addımını atdı. İrəvan Suriyaya humanitar yük göndərmək adıyla Türkiyədən sərhədi müvəqqəti açmasını xahiş elədi. Ankara bu xahişə “yox” deyə bilməzdi, çünki söhbət Türkiyənin də dəstək verdiyi Suriyaya humanitar yardımın çatdırılmasından gedir. Beləliklə, İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib. Məntəqə martın 31-dək açıq olacaq. Bununla 1993-cü ildən bağlı olan sərhəd məntəqəsi ilk dəfə açılmış oldu.

Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib. Paşinyan bu sərhədin açıq qalması üçün Suriyaya kiçik həcmdə olsa belə, humanitar yardımlar göndərməkdə davam edəcək”.