.jpg)
BAKI, 21 mart. TELEQRAF
Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan özbaşına qalsa, daha yaxşısını edə bilərlər.
Teleqraf xəbər verir ki, bunu Cənubi Qafqazla bağlı İrəvanda keçirilən forumdakı çıxışında türkiyəli analitik, Qlobal Akademiyanın koordinatoru Mustafa Aydın deyib.
Ekspert bildirib ki, eyni vaxtda çoxsaylı böhranlarla üzləşmək Cənubi Qafqaz üçün yeni bir şey deyil:
“Cənubi Qafqaz daimi geosiyasi dəyişikliklər və nəticədə yaranan böhranlarla tanışdır. Məsələ burasındadır ki, Cənubi Qafqazın bu üç ölkəsi geosiyasi dəyişikliklərə kifayət qədər asanlıqla uyğunlaşmaq üzrə peşəkarlaşıb”.
Aydının fikrincə, Cənubi Qafqaz artıq heç bir maraqlı kənar qüvvənin diqqət mərkəzində deyil:
“Ermənistanla Azərbaycan arasında vasitəçisiz danışıqları nəzərə alsaq, bu, sülh üçün yaxşı haldır. Sülh formulu ümid yarada bilər və region ölkələri özbaşına buraxılsalar, daha yaxşı əməkdaşlıq edərlər. Əlbəttə, sülh sazişini imzalamaq və barışmaq ayrı-ayrı şeylərdir, amma saziş imzalamaq yaxşı addımdır, sülh üzərində qurulmuş beynəlxalq formatların çoxu sıradan çıxıb. Cənubi Qafqazın müdaxilədən kənarda qalması daha yaxşı nəticə verə bilər”.