TBİLİSİ, 15 mart. TELEQRAF

Tbilisidəki Dövlət İpək Muzeyi dünyanın ipəkçilik sənətinə aid ən qədim muzeylərindən biridir. Muzey Gürcüstan paytaxtının Didube rayonunda, “Dinamo Arena” stadionu və Müştəhid bağının arasında yerləşir.

Teleqraf-ın yerli bürosunun əməkdaşı Tbilisidə mütləq ziyarət edilməli olan unikal muzeydə olub, daimi ekspozisiya və Azərbaycan ipəkçiliyinə aid sərgilənən eksponatlarla yaxından tanış olub.

Muzeyin yaranma tarixi

Muzey binasının tarixi burada təqdim olunan eksponatlardan az maraq kəsb etmir. Mədəni irs abidəsi olan ikimərtəbəli əzəmətli tikilini Tiflisdə çalışmış polyak memar Aleksandr Şimkeviç 1887-1892-ci illərdə inşa edib. Binanın eksteryer və interyerinin dizaynında klassisizm, qotika və İslam memarlığının elementlərini görmək olar.

Tikili ilk illərdə Qafqaz İpəkçilik Stansiyası kimi fəaliyyət göstərib. Muzey 1930-cu ilədək mövcud olmuş stansiyasının bazasında yaradılıb. Stansiyanın bir binası vaxtilə yaxınlıqdakı Müştəhid bağının ərazisində yerləşib.

Binanın interyerini də A.Şimkeviç layihələndirib. Onun eksponatlar üçün yaratdığı mebellər də muzeyin kolleksiyasına daxildir.

Muzeyin əsasını isə Rusiyada ipəkçilik sənətinin təşkilatçısı, bu sahə üzrə tanınmış mütəxəssis və araşdırmaçı Nikolay Şavrov 1887-ci ildə qoyub. Əsas məqsəd Qafqazda ipəkçilik məhsullarının tanıdılması olub.

2021-ci ilin mayında memarlıq abidəsində əsaslı təmir-bərpa işlərinə başlanılıb. Layihə başa çatdırılandan sonra 2024-cü ilin oktyabrından muzey ziyarətçilərin qəbulunu bərpa edib.

Muzey ziyarətçilər üçün bazar ertəsi və bazar günləri istisna olmaqla hər gün saat 11:00-dan 18:00-dək açıqdır. Biletin qiyməti 12 lari (7 AZN), məktəblilər, tələbələr və təqaüdçülər üçün isə 5 lari (3 AZN) təşkil edir. İngilis, rus, fransız dilli bələdçi üçün ziyarətdən iki gün öncə müraciət edilməlidir. Muzeyi bələdçi ilə gəzmək üçün əlavə 40 lari (25 AZN) ödəniş tələb olunur.

Amma bələdçisiz də muzeyi gəzərək məlumat lövhələrinin köməyi ilə eksponatlar haqqında ətraflı məlumatı ingilis dilində əldə etmək mümkündür.

Azərbaycanın ipək xalçaları

Muzeyin daimi ekspozisiyası ipək istehsalının bütün mərhələrini əhatə edən eksponatlardan tərtib olunub. Burada 5 min növ barama sortu, saplar və yumaqlar, müxtəlif alətlər, dəzgahlar, tekstil nümunələri və s. yer alıb.

Böyük əksəriyyəti XIX əsrə aid olan eksponatlar və xırda detallar ziyarətçilərdə nəinki Qafqazda, həmçinin dünyada ipəyin istehsalı və istifadəsi haqqında zəngin təsvir formalaşdırır. Rəngarəng və zəngin kolleksiya həm Gürcüstan, həm də 60-dan çox ölkədə istehsal olunan ipək məmulatlarından ibarətdir.

Ziyarətçilərin diqqətini cəlb edəcək bir neçə qeyri-adi eksponatlar da var. Məsələn, “əkiz baramalar”, şüşə qablarda xüsusi məhlulda saxlanılan barama qurdları.

Ekspozisiyada Qafqazın əsas ipəkçilik mərkəzlərindən biri olan Azərbaycana aid nümunələrə rast gəlinməsi təəccübləndirmir. Diqqəti ilk çəkən bu cür nümunələrdən biri ipək xalçalarımızdır. İncə naxışları ilə göz oxşayan kiçik ölçülü iki xalça Çin və Gürcüstanın ipək və tekstil parça nümunələri ilə bir sırada sərgilənir.

Kəlağayılar, balış üzləri

Ekspozisiyanın Tekstillər və kostyumlar bölməsində Azərbaycan ipəkçilik məmulatları iki — dördüncü və beşinci vitrində nümayiş etdirilir. Dördüncü vitrini zərif və butalı kəlağayılarımız bəzəyirlər. Lövhədə milli qadın baş örtüyümüz, naxışların vurulması texnikası və boyanması haqqında qısa məlumat yerləşdirilib. Azərbaycanın qadınlar üçün ənənəvi baş örtüyünün muzeyin XIX əsrə aid Kəlağayı kolleksiyasına aid olduğu qeyd edilib. Kəlağayıya YUNESKO-nun qeyri-maddi mədəni irs statusunun verilməsi də vurğulanıb. Vitrində kəlağayılara naxışların vurulması üçün istifadə olunan müxtəlif forma və ölçülü bir neçə ornamental taxta qəlib də yer alıb.

Beşinci vitrin isə Azərbaycanın ənənəvi qara məxmər parçaya naxış tikmə sənətinə həsr olunub. Həmin tikmələrin balış üzü kimi istifadə olunduğu qeyd edilib. Vitrin haqqında məlumatdan o da məlum olur ki, kolleksiya muzeyə Qafqaz İpəkçilik Stansiyasının XIX əsrin sonunda həyata keçirdiyi ekspedisiya nəticəsində gətirilib.

Şuşa cicimləri – İl 1889

Qafqaz əl işi tekstilləri bölməsində ipək, pambıq və yundan müxtəlif toxunma texnikası ilə hazırlanmış nümunələr sərgilənir. Onlar haqqında məlumat lövhəsində qeyd olunub ki, tekstil məmulatlarının əsas istehsal mərkəzləri Şamaxı, Şuşa, Gəncə, Şəki, Gürcüstanın Quriya və Kaxeti bölgələri olub. XIX əsrin sonuna aid kolleksiyada əsas yeri xalça toxunmasının ən qədim növlərindən biri cicimlər tutur. Rəngarəng Şuşa cicimləri kolleksiyada üstünlük təşkil edir. Onların üzərindəki köhnəlmiş etiketdə gətirilmə yeri rusca “Şuşa”, ili isə 1889 göstərilib.

Bir əsrdən çox vaxt ötməsinə baxmayaraq, keyfiyyətli nümunələr dolğun rənglərini və naxışlarının tamlığını qoruyub saxlaya biliblər.

Muzeylə bağlı vurğulanması mütləq olan bir məqam onun zəngin kitabxanası ilə bağlıdır. Kitabxanada XVIII-XIX əsrdə ipəkçilik haqqında 17 dildə işıq üzü görmüş unikal nəşrlər saxlanılır.

Azərbaycana aid kolleksiyanı daha da zənginləşdirmək olar

Muzeydə sərgilənən Azərbaycan ipək və tekstil nümunələri kolleksiyasının daha da zənginləşdirilməsi mümkündür. Ölkəmizdə baramaçılıq və ipəkçiliyin son illərdə inkişaf etdirildiyini nəzərə alaraq, Tbilisidə yerləşən və bölgəmizdə yeganə olan Dövlət İpək Muzeyinə ən yeni nümunələrin bağışlanması bu gün də yaşadılan qədim sənətimizin təbliğinə xidmət edər. Muzey hədiyyələrə açıqdır və donasiyalar qəbul etmək təcrübəsi var. Tekstillər və kostyumlar bölməsinə aid məlumat lövhəsindən məlum olur ki, altıncı vitrindəki Özbəkistana aid xələt, xalça və digər tekstil nümunələrini muzeyə 2017-2018-ci illərdə bu ölkənin vətəndaşları Dilarə Kaipova və Mansur Mirzoyev bağışlayıb. Qeyd edək ki, Dilarə Kaipova Daşkənddə fəaliyyət göstərən rəssamdır. O, ənənəvi özbək tekstil nümunələrini üzərilərinə müasir kütləvi mədəniyyət rəmzləri və personajlarını (Adidas loqotipi, Mikki Maus və s.) yerləşdirməklə tikir. Rəssamın əl işləri müxtəlif ölkələrin muzey kolleksiyalarını bəzəyir.

Gürcüstanın Dövlət İpək Muzeyində qorunub saxlanılan Azərbaycan nümunələrinin zənginləşdirilməsi kimi nəcib missiyanı xalçaçılıq və ipəkçilik müəssisələri, kəlağayı, təkəlduz ustaları öz üzərilərinə götürə bilərlər.

Sonda onu da qeyd edək ki, yuxarıda adı çəkilən Müştəhid bağının da maraqlı tarixçəsi var. Bu barədə ayrıca yazı təqdim olunacaq. İndi yalnız bir faktı diqqətə çatdıraq ki, bağın adı 1828-ci ildə Təbrizdən Tiflisə mühacirət etmiş şiə məzhəbinin başçısı Mir Fəttah Ağa Seyid Müştəhidin adı ilə bağlıdır.