BAKI, 28 may. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Mustafa Türker ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ortaq regional maraqlara əsaslanan güclü strateji tərəfdaşlığın əhəmiyyəti qeyd olunub. Eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyinə diqqət yetirilib və Türkiyənin Gürcüstanın aparıcı ticarət tərəfdaşı olduğu bildirilib.
Tərəflər Orta Dəhlizin inkişaf imkanlarını və birgə regional layihələri müzakirə ediblər. Bu kontekstdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.