BAKI, 26 may. TELEQRAF
“Biz xarici qüvvələrin bizi başqa xarici qüvvələrə qarşı istifadə etməsinə imkan verməməliyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan keçmişin ağrılı dərslərindən nəticə çıxarmalıdır: “Keçmişin ən əsas dərsi odur ki, biz yadların bizi başqa yadlara qarşı istifadə etməsinə imkan veririk, sonda bizi kənara atıb müdafiəsiz qoyurlar”.
Paşinyan əlavə edib ki, Ermənistan öz gücünü yalnız öz təhlükəsizliyinin, dövlətçiliyinin, rifahının və müstəqilliyinin qorunmasına yönəltməlidir.
Baş nazir həmçinin sabiq prezident Robert Köçəryanın Azərbaycan və Ermənistan arasında “sülh zəmanətçisi”nin olması ilə bağlı fikrinə etiraz edib: “Bu, ölkənin taleyini başqalarının əlinə vermək deməkdir. Biz taleyimizi çox çətinliklə öz əlimizə almışıq, sükanı əlimizdən buraxa bilmərik”.
Robert Köçəryan bundan əvvəl iddia etmişdi ki, əgər yenidən Ermənistanda hakimiyyətə gəlsə, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq. Köçəryanın sözlərinə görə, yanaşması danışıqlar prosesinin sıfırlanması demək deyil və sülh müqaviləsi üçün “zəmanətçilər” lazımdır.
“Zəmanətçi tərəflər”ə gəlincə, o bu rolda Rusiya və ABŞ-ni görür: “Avropa İttifaqının iştirakı da arzuolunan olardı, amma mən Rusiya, ABŞ və Çinin daxil edilməsini ideal variant hesab edirəm”.