BAKI, 13 mart. TELEQRAF

Niderland xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ missiyası məlumat yayıb.

“Niderland xarici işlər naziri Kaspar Veldkamp, ​​Niderlandın Ermənistandakı səfiri Marike Monroy-Vinter və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etmək şərəfdir”, - missiyanın açıqlamasında deyilir.

Niderland rəsmiləri sərhəddə Aİ missiyası ilə Azərbaycanın mövqelərini müşahidə ediblər.

Xatırladaq ki, Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən Aİ missiyasının bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.

Əlavə edək ki, bu ilin yanvarında Aİ Ermənistandakı missiyasının fəaliyyət müddətinin daha iki il uzadılması barədə qərar verib.