BAKI, 12 mart. TELEQRAF

“Daşnaksütyun” Partiyası (terror təşkilatı – red.) Rusiyanın diktəsi ilə hərəkət edir və Ermənistanda hakimiyyət dəyişikliyi məsələsini oradan gələn tapşırıqlar əsasında gündəmə çıxarır.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.

Onun sözlərinə görə, “Daşnaksütyun” bu məqsədlə rusiyapərəst qüvvələri Ermənistan hakimiyyətinə qarşı birləşdirməyə çalışır:

“İllərdir hər gün hakimiyyət dəyişikliyindən danışırlar, deyirlər ki, cəmi bir gün, yarım saat qalıb... Normaldır, çünki Rusiyanın planlarına ölkədə daxili siyasi vəziyyəti gərginləşdirmək daxildir. Düzdür, hazırda Rusiyanın burada hakimiyyət dəyişikliyi ilə bağlı heç bir qərarı yoxdur, amma bu, o demək deyil ki, Moskva hökumət əleyhinə əhval-ruhiyyə yarada bilməz. İndi Putin Ermənistanda rusiyapərəst qüvvələri hakimiyyətdə görmək istərdi, amma o insanların legitimliyi yoxdur”, - ekspert qeyd edib.

Dallakyanın fikrincə, legitimlikdən əlavə, “Daşnaksütyun” özünü çoxdan gözdən salıb, heç bir dayağı yoxdur:

“Ona görə də hakimiyyət dəyişikliyi ilə bağlı bəyanatlar verməzdən əvvəl sıralarını təmizləməli, keçmiş prezidentlərdən (Robert Köçəryan və Serj Sərkisyan) yaxa qurtarmalıdır. Paşinyandansa, Köçəryanı tənqid etsinlər, ölkəni necə qarət etmələrindən, ordunu necə pis günə qoymalarından, oğurluqla sahib olduqları milyardlarla dollarlıq sərvətlərindən danışsınlar”.

Politoloq sabiq prezidentlər arasındakı gərginlik və fikir ayrılıqlarına da diqqət çəkib:

“Köçəryan üçün Sərkisyan, Sərkisyan üçün isə Köçəryan qırmızı xətdir, çünki aralarında ciddi fikir ayrılıqları var. Bu aydındır. Üstəlik, bir-birlərini müxalifəti gözdən salmaqda ittiham edirlər”.

Xatırladaq ki, bundan əvvəl “Daşnaksütyun” terror təşkilatının “siyasi büro”sunun üzvü Armen Rüstəmyan bu qurumun hakimiyyət dəyişikliyini həyata keçirməyə hazır olan bütün qüvvələrlə əməkdaşlığa hazır olduğunu açıqlamışdı. Əlavə edək ki, o, həm də rəhbəri Robert Köçəryan olan “Ermənistan” blokunun parlament fraksiyasının üzvüdür.