
BAKI, 7 mart. TELEQRAF
Ermənistan bu gün Cənubi Qafqazda gedən geosiyasi proseslərdə oyunçu yox, piyadadır.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.
Onun fikrincə, Donald Trampın ABŞ-də hakimiyyətə qayıtmasından sonra dünya və regionda vəziyyət kəskin şəkildə dəyişib:
“İndiki geosiyasi vəziyyəti 2024-cü illə müqayisə etmək olmaz. Vəziyyətin dəyişməsi ilə sürət də artıb. Çünki Trampın siyasətinin ayrı-ayrı regionlara da təsirləri var. Bundan əvvəl hamı öz siyasi maraqlarını Qərbin maraqları ilə əlaqələndirirdisə və bu, bir qlobal geosiyasət idisə, indi belə deyil. Yəni Trampın siyasəti bu regiona da böyük təsir göstərəcək.
Vəziyyəti düzgün analiz edə bilməyən Ermənistan hökuməti isə yenə də Qərblə strateji müqavilələr imzaladığını göstərməyə çalışır. Buna görə də, Ermənistana sərt reaksiyalar gəlir. Bu gün reallıqlar fərqlidir. Son iki ay ərzində Tramp administrasiyasından Ermənistanla bağlı heç bir göstəriş görməmişik. Yəni Trampın Ermənistan siyasətinin nədən ibarət olduğunu bilmirik. Digər yandan, bu gün artıq köhnə Qərb yoxdur, Ermənistan isə olmayan Qərbə doğru istiqamətini davam etdirir”.
Martirosyana görə, ABŞ-nin yeni adminitsrasiyası Ermənistanla işləməkdə maraqlı görünmür, onun maraq göstərdiyi Avropa İttifaqı isə qlobal geosiyasi oyunçu deyil:
“Avropa İttifaqı iqtisadi qurumdur. Başqa sözlə, ortada qalan Ermənistan bu gün Cənubi Qafqazda gedən geosiyasi proseslərdə oyunçu yox, piyadadır”.