BAKI, 6 mart. TELEQRAF

Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, ötən ilin sonundan Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun Ermənistana səfəri barədə söhbət getsə də, hətta təxmini tarix göstərilsə də, bu günlərdə onun erməni həmkarı Alen Simonyan rusiyalı spikerin səfərinin iyunun 5-6-na planlaşdırıldığını açıqlayıb:

"Rusiyanın dövlət TASS xəbər agentliyi bundan əvvəl yazmışdı ki, Matviyenko Rusiya-Ermənistan dövlətlərarası münasibətlərinə yeni təkan vermək üçün İrəvana səfər edəcək.

Səfərin niyə bu qədər gecikməsinin səbəbini hakim "Vətəndaş Müqaviləsi" Partiyasındakı mənbələrimizdən öyrəndik. Məlumata görə, son geosiyasi proseslərdən sonra Nikol Paşinyan yenidən Rusiya ilə yaxınlaşmaq qərarına gəlib. Baş nazir bütün dövlət qurumlarına Moskva ilə əlaqələri bərpa etməyi və Rusiya ilə əlaqədar bütün tədbirlər və görüşlərdə iştirak etməyi tapşırıb. Ancaq Rusiyada Nikola inanmırlar. İrəvan isə əlaqələrin durumunu praktiki addımlarla yoxlamaq qərarına gəlib. Məsələn, Ermənistan hakimiyyətinin Avropa İttifaqına üzvlük referendumu layihəsini ləğv etməsi, onun parlamentdə ikinci oxunuşun təxirə salınması da bununla bağlıdır. Layihənin tamamilə ləğv olunacağı da istisna olunmur".