
BAKI, 4 mart. TELEQRAF
Azərbaycan və Ermənistan bir-birinə bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmaq öhdəliyi götürməyib.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır. Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd məntəqəsinin açılması barədə qərar layihəsi qəbul eləmişdi ki, bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvan və Türkiyəyə getməsinə imkan verəcək”, - baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bir-iki həftə ərzində qərar qəbul edə bilər:
“Əlbəttə, Naxçıvana keçid üçün heç bir infrastruktur yoxdur və onları tikmək lazımdır, bunu da kifayət qədər tez etmək olar. Amma hazırda infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları Kornidzor keçid məntəqəsindən keçməklə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə gedən yollarla Türkiyəyə gedə bilər, eyni şey əks istiqamətdə ola bilər ki, bu cür nəqliyyat vasitələrinin daşınması üçün indi də lazımi infrastruktur var. Azərbaycan və Türkiyədən maraq olarsa, belə bir qərar verməyə hazırıq. Yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinlik yaranarsa, o yüklərin daşınmasını Ermənistan yolları ilə işləyən Türkiyə yük maşınları təşkil edə bilər”.