TBİLİSİ, 28 fevral. TELEQRAF

Gürcüstanda güclü qar səbəbindən 700-ə yaxın məktəbdə tədris prosesi dayandırılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin təhsil, elm və gənclər nazir Aleksandr Tsuladze deyib.

Nazir güclü qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirib.

“Ətraf mühitin tədris prosesi üçün təhlükəsiz olduğuna əmin olandan sonra məktəblər açılacaq. Müəllimlər və şagirdlərin dəstəklənməsi üçün müxtəlif tədbirlər görürük”, - A.Tsuladze söyləyib.

Qeyd edək ki, fevralın 22-dən Gürcüstanın qərb regionlarında, xüsusən də Quriya və Acarıstan bölgələrində qeyri-sabit hava şəraiti hökm sürür. Bəzi rayonlarda qaz və elektrik enerjisinin təchizatında problemlər yaranıb, yollarda məhdudiyyətlər tətbiq olunur. Dəmir yolları ilə reyslərin bir hissəsi həyata keçirilmir. Sinoptiklər kəskin hava şəraitinin martın 2-dək davam edəcəyini proqnozlaşdırırlar.

Aramsız yağan güclü qarın səbəb olduğu fəsadların aradan qaldırılması məqsədilə baş nazir İrakli Kobaxidzenin başçılığı altında Koordinasiya Qərargahı fəaliyyət göstərir. Qərargahın qərarına əsasən, Quriya bölgəsinin zərər çəkmiş sakinləri üçün 140 ton ərzaq və ilkin tələbat malları göndərilib.